Keçid rəsmidir, amma proses hələ tamamlanmayıb. “Qarabağ”ın sabiq hücumçusu Nəriman Axundzadənin MLS təmsilçisi Columbus Crew ilə müqaviləsi fevralın 10-da qüvvəyə minsə də, futbolçu hələ də Bakıda qalır.
Məsələ idman formasında deyil, sənədlərdədir. ABŞ-də peşəkar fəaliyyət göstərmək üçün nəzərdə tutulan P-1 vizası hələ əldə olunmayıb. Daha əvvəl də qeyd etdiyimiz kimi, bu kateqoriyalı viza idmançılar üçün xüsusi prosedur tələb edir və müəyyən vaxt aparır.
Oyunçunun meneceri Tural Əsgərli açıqlamasında bildirdi ki, proses davam edir, lakin dəqiq tarix hələ müəyyənləşməyib. İlkin proqnoza əsasən, sənədin fevralın sonu və ya martın əvvəlində hazır olacağı gözlənilir.
Viza təsdiqləndikdən sonra məsələ texniki mərhələyə keçəcək: “Qarabağ” futbolçu üçün aviabilet təmin edəcək və Nəriman Ohayoya yollanacaq.
Beləliklə, transfer kağız üzərində tamamlanıb, amma faktiki start fitini hələ miqrasiya prosedurları verəcək. Futbolda bəzən ən çətin keçilən xətt müdafiə deyil — sərhəddir 🌍