Canlı
Yüklənir...
Son Dəqiqə
Son xəbərlər yüklənir...
NO TO RACISM
Futbolda irqçiliyə yer yoxdur
Birlikdə güclüyük
🔴 Son Dəqiqə Ölkə futbolu Milli

«Yay toplanışından sonra bütün bu məsələləri müzakirə edəcəyik» — Ayxan Abbasov

«Yay toplanışından sonra bütün bu məsələləri müzakirə edəcəyik» — Ayxan Abbasov

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov FİFA Seriyası turniri çərçivəsində sabah Sumqayıtda Syerra-Leone komandasına qarşı keçiriləcək matçdan öncə mətbuat konfransı təşkil edib.

INfootball.online xəbər verir ki mütəxəssis öncə öz fikirlərini söyləyib sonra isə jurnalistlərin suallarını cavablayıb.

«Biz turnirdə ikinci matçımıza, rəqib isə birinci matçına çıxacaq. Burada müəyyən üstünlüklər var. Buna baxmayaraq, evdə oynayırıq. Azarkeşlərin dəstəyi ilə qələbə qazanmaq istəyirik. Rəqibin son oyunlarını analiz etmişik. Buraya optimal heyətlə gəliblər. Oyundan-oyuna çıxışımızda yaxşı mənada fərq olmalıdır. Qarşıda bir toplanışımız qalıb. İnanıram ki, birinci matçla müqayisədə ciddiyyət və istək fərqli olacaq, çünki rəqib bunu tələb edir. Biz hazırıq», — deyə Abbasov bildirib.

– Birinci matçda yağış meydana öz təsirini göstərmişdi. Bu sizi nə dərəcədə narahat edir?
– Hava və meydança ağırdır. Amma rəqib üçün də şərtlər eynidir. Fiziki yük baxımından çətin idi. Buna baxmayaraq, Sent-Lüsiya ilə matçın (6:1) ikinci hissəsində Rəhman Daşdəmirov istisna olmaqla bütün oyunçuları dəyişdik. İkinci hissədə meydana çıxanlar da yüksək tempi tutdular və birinci hissə ilə xüsusi bir fərq olmadı.

– Canni De Byazinin qələbədən sonra mətbuat konfransına Emin Mahmudovla gəlmək kimi bir ənənəsi var idi. Niyə siz də belə etmədiniz?
– Azərbaycan millisinə gəldiyim gündən indiyə kimi istəmişəm ki, hər bir futbolçu məsuliyyət hiss etsin. Sizin qarşınızda olmaq və suallarınıza cavab vermək vacibdir. Biz hər oyundan əvvəl oyunçuları dəyişirik. Bizim hər hansı xüsusi bir batil inancımız yoxdur.

– Syerra-Leone millisi haqqında çox şey bilmirik: hansı üslubda oynayır, kimdən ehtiyat etmək lazımdır. Siz onlar barədə nə deyə bilərsiniz?
– Səhv etmirəmsə, milli ilk dəfədir ki, Afrika təmsilçisi ilə oynayacaq. Bu, bir yenilikdir. Naməlum rəqibə qarşı oynamaq yaxşıdır. Rəqib reytinqdə bizdən üstün ola bilər. O xallar elə-belə qazanılmır. Onların Fransanın yüksək liqasında çıxış edən müdafiəçiləri var. Texnikalı komandadır, topla oynayırlar. Yaxşı oyun olacaq.

– Sent-Lüsiya ilə matçda sonradan meydana daxil olanlardan kimsə sabah əsas heyətdə yer alacaqmı?
– Heyətdə dəyişikliklər olacaq. Buna ehtiyac var. İstəmirik ki, millidə birinci və ikinci heyət aurası olsun. Çünki hamı hazır olmalıdır. Buradakıların hamısı ən yaxşılardır. Biz həmçinin rəqibə uyğun olaraq qərar verəcəyik.

– Syerra-Leone ilə matçda daha çox nəticə üçün oynayacaqsınız?
– İlk növbədə, qələbə üçün oynayacağıq. Qələbə istəyiriksə, hesabda da öndə olmalıyıq.

– Sabahkı ehtimal olunan heç-heçəni uğur saymaq olarmı?
– Bu turnirdə əsas vaxtda heç-heçə qeydə alındıqdan dərhal sonra penaltilər seriyası təşkil olunur. Kimsə qalib gəlməlidir. Turnir FİFA tərəfindən təşkil edilib. Rəqibləri biz seçmirik. Hər bir rəqibə hörmətlə yanaşmalıyıq. Bizdən qat-qat güclü rəqiblərlə oynamışıq. Onların bizə necə hörmət etdiyini görmüşük. Biz həmçinin zəif reytinqli rəqiblərə də uduzmuşuq. Zəiflərlə də mübarizə aparmaq lazımdır. Birinci matçda futbolçuların köklənməsi düzgün idi – biz də məhz bunu istəyirdik.

– Sabahkı qələbə milliyə inamı qaytara bilər. Şəxsən sizin üçün sabah qalib gəlmək nə dərəcədə vacibdir?
– Məşqçi üçün millidə qələbə qazanmaq böyük sevincdir. Bu, hər bir məşqçinin arzusudur. Ardıcıl ikinci qələbə futbolçular və məşqçilər üçün böyük motivasiya ola bilər. İstəyirik ki, ilin sonuna kimi yaxşı statistika olsun. Rəqiblər buna imkan verir. Yoldaşlıq oyunlarındakı və Millətlər Liqası qrupundakı rəqiblər bizə yaxşı mübarizə aparmağa imkan yaradır. Bu il bizim üçün ən yaxşı il ola bilər.

– Millətlər Liqasındakı nəticələr millidəki fəaliyyətinizə təsir edəcəkmi? Şayiələr gəzir ki, «Şamaxı» yeni baş məşqçi axtarışına başlayıb…
– Klubla müqaviləm yayda başa çatır. AFFA ilə razılaşmamız var idi ki, yay toplanışından sonra bütün bu məsələləri müzakirə edəcəyik. Milli ilə müqaviləm ilin sonuna qədərdir. Bu turnir vacibdir. Qərarlar qəbul olunacaq.

– Milli bir müddət özünə yaxın gücdə olan rəqiblərlə oynayacaq. Daha sonra Avropa çempionatının seçmə mərhələsində daha güclü rəqiblərlə qarşılaşmaq çətin gəlməyəcək ki?
– Xeyr, hesab edirəm ki, problem olmayacaq. Ağır oyunlar keçirmişik. Fransa ilə iki ağır matç düz iki ilə yetər (gülür). O stresi yaşamaq… Asan görünə bilər, amma futbolçular da çox əziyyət çəkdilər. Bu, Ukrayna və İslandiya ilə görüşlərə də aiddir. San-Marino və Malta ilə matçlarımız olacaq. Bunlar zəif rəqiblər deyil. Pəncərə dövründə yaxşı millilərlə oynamaq istəyirik. Bir çox rəqiblərlə danışıqlar aparmışıq. Ancaq onlar da səni seçməlidir. Futbolçularımız avrokuboklarda, Çempionlar Liqasında oynayacaqlar. Onlar yerlərində saymırlar. İnşallah, problem olmaz.

Xəbəri paylaş:
IN
INfootball Redaksiyası
Ölkə futbolu
Azərbaycan və dünya futbolunun ən operativ xəbər mənbəyi.