Canlı
Yüklənir...
Son Dəqiqə
Son xəbərlər yüklənir...
NO TO RACISM
Futbolda irqçiliyə yer yoxdur
Birlikdə güclüyük
Almaniya Avrokuboklar Çempionlar liqası İtaliya

Alman maşını dayanmaq bilmir!

Alman maşını dayanmaq bilmir!

«Bavariya»dan «Atalanta»ya növbəti darmadağın: Keynin dublu, Diasın fəallığı və komandanın möhtəşəm seriyası

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda «Bavariya» «Atalanta»nı 4:1 hesabı ilə məğlub edib. «Alyans Arena»da keçirilən matçda Münhen təmsilçisi rəqibinə heç bir şans verməyib. Qeyd edək ki, cütlüyün ilk oyununda da «Bavariya» 6:1 hesabı ilə böyükhesablı qələbə qazanmışdı.

Penalti dramı və qol yağışı

Oyunun 25-ci dəqiqəsində Harri Keyn penaltidən hesabı açıb. İngiltərəli hücumçu fərqlənmək üçün iki cəhd etməli olub: onun ilk zərbəsini qapıçı Marko Sportyello qaytarsa da, hakim zərbənin yenidən yerinə yetirilməsinə qərar verib və Keyn ikinci cəhddə topu tora qovuşdurub.

İkinci hissədə ev sahibləri üstünlüyü daha da artırıblar. 54-cü dəqiqədə Keyn fərqlənərək dublunu rəsmiləşdirib. Cəmi iki dəqiqə sonra – 56-cı dəqiqədə Luis Diasın ötürməsindən məharətlə yararlanan Lennart Karl hesabı darmadağın həddinə çatdırıb. 70-ci dəqiqədə isə Luis Dias özü qol vuraraq adını tabloya yazdırıb. Matçın 85-ci dəqiqəsində Lazar Samardjiç qonaqların yeganə təsəlliverici qoluna imza atıb.

Harri Keyndən yubiley qolları

Bu matçda vurduğu qollar Harri Keyn üçün əlamətdar olub. O, Çempionlar Liqası tarixindəki qollarının sayını 49 və 50-yə çatdırıb. İngilis hücumçu bu göstərici ilə Məhəmməd Salahla (elə həmin gün «Qalatasaray»a qol vuran) və Tyerri Anri ilə eyni pilləni bölüşür.

Hazırda ÇL tarixində Keyndən daha çox qol vuran futbolçular bunlardır: Kriştianu Ronaldu (140), Lionel Messi (129), Robert Levandovski (109), Kərim Benzema (90), Raul (71), Kilian Mbappe (68), Tomas Müller (57), Erlinq Haland (57) və Rud van Nistelroy (56).

«Bavariya»nın yenilməzlik seriyası 11 oyuna çatdı

Vensan Kompaninin rəhbərlik etdiyi komanda bu qələbə ilə məğlubiyyətsizlik seriyasını 11 oyuna çatdırıb. Münhenlilər sonuncu dəfə yanvarın 24-də «Auqsburq»a məğlub olmuşdular (1:2). Həmin vaxtdan bəri «Bavariya» ümumi 32:9 top fərqi ilə 9 qələbə qazanıb və iki dəfə heç-heçə edib.

Münhen təmsilçisinin növbəti matçı martın 21-də «Yunion» komandasına qarşı olacaq.

Xəbəri paylaş:
IN
INfootball Redaksiyası
Almaniya
Azərbaycan və dünya futbolunun ən operativ xəbər mənbəyi.