Canlı
Yüklənir...
Son Dəqiqə
Son xəbərlər yüklənir...
NO TO RACISM
Futbolda irqçiliyə yer yoxdur
Birlikdə güclüyük
DÇ 2026 Maraqlı

Neymarı Braziliya yığmasının heyətindən kənarda

Neymarı Braziliya yığmasının heyətindən kənarda

Karlo Ançelotti Neymarı heyətdən çıxardı, milliyə yeni adlar çağırıldı

«INfootball.online» FIFA.com — a istinadən xəbər verir ki, Karlo Ançelotti Neymarı Braziliya yığmasının heyətindən kənarda qoyub əvəzində isə Qabriel Sara, İqor Tyaqo və Rayanı ilk dəfə milliyə çağırıb. Endrik Fransa və Xorvatiyaya qarşı keçiriləcək yoldaşlıq oyunları üçün yenidən heyətə cəlb olunub. Bu oyunlar italiyalı mütəxəssisin FİFA Dünya Çempionatı 2026™ üçün yekun siyahısını açıqlamazdan əvvəl «Selesao»nun son sınaqları olacaq. Andre, Antoni, Karlos Auqusto, Fabrisio Bruno, Gerson, Hüqo Souza, İqor Jezus, Joao Qomes, Joelinton, Kayo Jorje, Lukas Paketa, Paulo Henrike, Rişarlison və Vitor Roke kimi oyunçular üçün bu qərar məyusedici olub.

Aleksandro, Bruno Gimaraynş, Eder Militao və Estevao kimi futbolçular isə zədə və ya oyun praktikasının olmaması səbəbindən kənarda qalıblar. Rodriqonun sağ dizinin ön çarpaz bağının qopması səbəbindən dünya çempionatını buraxacağı dəqiqləşib.

Neymarın Dünya Çempionatı ümidləri hələki qalır

Ançelottinin Neymarı Dünya Çempionatına aparıb-aparmayacağı mövzusu, 1998-ci ildə Fransadakı turnir öncəsi Mario Zaqallo və Romario məsələsində olduğu kimi, bütün Braziliyanın gündəmini zəbt edib və cəmiyyəti ikiyə bölüb. İnanılmaz istedada malik hücumçu 2023-cü ildə Uruqvaya qarşı oyunda çarpaz bağlarını qopmasından sonra millidə oynamayıb.

Neymar mütəmadi olaraq turnirə yollanmaq arzusunda olduğunu bildirsə də, son bir ildə bud-çanaq və diz zədələrindən əziyyət çəkib. Son zədəsindən qayıtdıqdan sonra o, «Santos»un heyətində keçirdiyi 4 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Ançelotti məsələyə belə aydınlıq gətirib: “Neymar Dünya Çempionatında iştirak edə bilər, amma etməyə də bilər. Əgər o, 100 faiz hazır olmasa, orada olmayacaq. Əgər 100 faiz hazır ola bilsə, çağırıla bilər. Hazırda isə o, hazır deyil. Dediyim kimi, qarşıda yekun siyahı var. Neymar işləməyə, oynamağa, öz keyfiyyətlərini göstərməyə və fiziki cəhətdən yaxşı formada qalmağa davam etməlidir”.

Xatırladaq ki, 18 yaşlı Neymar 2010-cu ildə Cənubi Afrikada keçirilən turnirdə Dunqa tərəfindən mübahisəli şəkildə kənarda qoyulmuşdu. İlk dəfə 2014-cü ildə öz vətənində dünya çempionatında çıxış edən ulduz futbolçu, 1/4 finalda Kolumbiyaya qarşı qələbə qazanılan matçda zədələnməsinə qədər möhtəşəm oyun nümayiş etdirmişdi. Onun yoxluğunda Braziliya Almaniyaya 1:7 hesabı ilə məğlub olaraq darmadağın edildi. Cənubi amerikalılar daha sonra Rusiya-2018-in 1/4 finalında Belçikaya 1:2 hesabı ilə uduzdu və Neymarın möhtəşəm qoluna baxmayaraq, Qətər-2022-nin eyni mərhələsində penaltilər seriyasında Xorvatiyaya boyun əymişdi.

Yeni gələnlər

İqor Tyaqo son yeddi ay ərzində sürətli inkişafı ilə diqqət çəkir. Vətənində istədiyinə nail ola bilmədikdən sonra o, 2024-cü ildə «Brentford»a qoşulmazdan əvvəl Bolqarıstan və Belçikada məhsuldar dövrlər keçirib. «Arılar»la zədələrlə dolu və qolsuz keçən ilk mövsümündən sonra, 24 yaşlı hücumçu ikinci mövsümündə möhtəşəm çıxış edərək 31 oyunda 21 qol vurub. Premyer Liqada yalnız «Mançester Siti»dən Erlinq Haaland İqor Tyaqonun 18 qolluq göstəricisini qabaqlaya bilib.

Qabriel Sara mövsümün kəşfi olan digər bir futbolçudur. O, 2023/24 mövsümünü İngiltərənin Çempionşipində (ikinci liqa) «Norviç Siti»də başa vurub. Lakin 26 yaşlı pleymeykerin yaradıcılığı «Qalatasaray»ın Türkiyə Superliqasında liderliyə yüksəlməsində və UEFA Çempionlar Liqasının 1/8 finalında «Liverpul» qarşısında 1:0 hesabı ilə qələbəsində əsas rol oynayıb.

Yanvar ayında «Bornmut»a keçməzdən əvvəl Rayanın adı «Barselona», «Bavariya» və «Real Madrid»lə hallanırdı. Həm cinahda, həm də hücumun mərkəzində oynaya bilən 19 yaşlı futbolçu Premyer Liqada möhtəşəm bir başlanğıc edib. Sürətli, güclü və texnikalı olan Rayanın şiddətli zərbələri onu Braziliyanın keçmiş hücumçusu, «İmperator» ləqəbli Adriano ilə müqayisələrə səbəb olub.

Sonuncu dəfə bir il əvvəl Braziliyanın Argentinaya 1:4 hesabı ilə məğlub olduğu matçda forma geyinən Endrik yenidən milliyə çağırılıb. «Real Madrid»də Ançelottinin rəhbərliyi altında çıxış edən hücumçu icarə əsasında oynadığı «Lion»da 12 matçda 6 qol vurub. Hələ cəmi 19 yaşı olmasına baxmayaraq, Endrikin aktivində artıq 14 milli oyun var.

İki mərkəz müdafiəçisi də beynəlxalq arenaya qayıdır. «Yuventus»dan Bremer və «Əl-Əhli»dən Rojer İbanyez sonuncu dəfə 2022-ci ildə millinin formasını geyiniblər. «Botafoqo»nun yarımmüdafiəçisi Danilo isə dörd ildən sonra ilk dəfə dəvət alıb.

Böyük sınaqlar

Braziliya 26 mart, cümə axşamı Bostondakı eyniadlı stadionda Fransa ilə qarşılaşacaq. Beş gün sonra isə Orlandodakı “Camping World” stadionunda Xorvatiya ilə üz-üzə gələcək.

Braziliya və Fransa Dünya Çempionatlarındakı dörd qarşılaşma səbəbindən prinsipial rəqiblərə çevriliblər. «Selesao» 1958-ci ildə İsveçdəki yarımfinalda 5:2 hesabı ilə qələbə qazanıb. Daha sonra 1986-cı ildə Meksikada keçirilən 1/4 finalda, turnir tarixinin ən həyəcanlı oyunlarından birinin ardınca «Xoruzlar» penaltilərdə qalib gəliblər. 1998-ci ilin finalında Zinəddin Zidanın başla vurduğu iki qol Ronaldo və Braziliyanı məyus etmişdi. 2006-cı ildə Almaniyada isə «Zizu»nun nəfəskəsici performansı Fransanı yarımfinala yüksəltmişdi. Komandaların 2015-ci ildəki son toqquşmasında Neymarın qolu sayəsində Braziliya «Stad de Frans»da geridönüş edərək 3:1 hesabı ilə qələbə qazanıb.

Braziliya 2006-cı il Dünya Çempionatında Kakanın möhtəşəm qolu sayəsində Xorvatiyanı 1:0 hesabı ilə məğlub edib. 2014-cü ilin açılış matçında isə Neymarın dublu sayəsində 3:1 hesablı qələbə qazanılıb. Onların Qətər-2022-nin 1/4 finalındakı son qarşılaşmasında Neymarın fantastik qolu Braziliyanı əlavə vaxtda önə keçirsə də, Bruno Petkoviç hesabı bərabərləşdirmiş və Xorvatiya penaltilər seriyasında qalib gəlmişdi.

Braziliya Dünya Çempionatının C qrupunda Nyu-York/Nyu-Cersidə Mərakeşlə, Filadelfiyada Haiti ilə, Mayamidə isə Şotlandiya ilə qarşılaşacaq. «Selesao» turnirin 5 qat çempionudur, lakin Koreya və Yaponiya-2002-də qızıl medalları qazandıqdan sonra mükafatçılar sırasına düşə bilməyib.

2014, 2018 və 2022-ci il turnirlərinə əsas favorit kimi başladıqdan sonra, Ançelottinin komandası hazırda bukmekerlərin siyahısında yalnız Argentina, Fransa, İngiltərə və əsas favorit İspaniyadan sonra beşinci sıradadır.

Braziliya millisinin tam heyəti

Qapıçılar:
Alisson («Liverpul»)
Bento («Əl-Nəsr»)
Ederson («Fənərbaxça»)

Mərkəz müdafiəçiləri:
Bremer («Yuventus»)
Qabriel Maqalyaeş («Arsenal»)
İbanyez («Əl-Əhli»)
Leo Pereyra («Flamenqo»)
Markinyos («PSJ»)

Cinah müdafiəçiləri:
Aleks Sandro («Flamenqo»)
Danilo («Flamenqo»)
Duqlas Santos («Zenit»)
Uesli («Roma»)

Yarımmüdafiəçilər:
Andrey Santos («Çelsi»)
Kazemiro («Mançester Yunayted»)
Danilo («Botafoqo»)
Fabinyo («Əl-İttihad»)
Qabriel Sara («Qalatasaray»)

Hücumçular:
Endrik («Lion»)
Qabriel Martinelli («Arsenal»)
İqor Tyaqo («Brentford»)
Joao Pedro («Çelsi»)
Luis Henrike («Zenit»)
Mateus Kunya («Mançester Yunayted»)
Rafinya («Barselona»)
Rayan («Bornmut»)
Vinisius Junior («Real Madrid»)

Xəbəri paylaş:
IN
INfootball Redaksiyası
DÇ 2026
Azərbaycan və dünya futbolunun ən operativ xəbər mənbəyi.